31.08.2022

Yaxşı CV necə olmalıdır?

     Hər kəs “CV” hazırlaya bilər, amma bunu düzgün hazırlamaq üçün bəzi diqqət edilməli məqamlar var. Bu gün İnsan resursları menecerlərinin 40 %-i bir CV-ni nəzərdən keçirmək üçün bir dəqiqədən az vaxt sərf edir. Belə rəqabətin çox olduğu bir şəraitdə isə müvafiq bacarıqlarınızı və iş təcrübənizi mükəmməl şəkildə əks etdirən güclü və gözoxşayan rezümenin olması müsahibəyə çağırılmağınızda əhəmiyyətli rol oynayır. Tərcümeyi-halınızı yazmazdan əvvəl ilk öncə prosesə necə başlamaq lazım olduğunu anlayın. Peşəkar bir fayl yaratmaq üçün əvvəlcədən hazır olmaq lazımdır. Yadda saxlayın ki, yazdığınız CV müraciət etdiyiniz hər bir işə uyğun olmalıdır. İlk öncə, siyahını tərtib edin:

● Əvvəlki işlərdən əldə etdiyiniz nailiyyətlər. 

● Bacarıqlarınız (dil bilgiləri, liderlik, kommunikasiya bacarıqları və s. Kimi şəxsi keyfiyyətləriniz). 

● Əvvəlki iş yeriniz haqqında ətraflı məlumat (işə götürmə tarixi, yeri, iş ünvanı və vəzifələri). 

● Təhsil üzrə göstəriciləriniz, sertifikatlarınız və ya müvafiq vəzifə üçün (varsa) lisenziyanız. 

 

Xronoloji CV formatı. Xronoloji CV formatı ən çox istifadə olunan formadır və iş təcrübəsinə diqqət çəkmək istəyən namizədlər üçün idealdır. Çünki bu bölmə öndə və mərkəzdə durur. Bu formatla CV yazanda məqsədiniz menecerin karyeranızın inkişaf tempini görməsidir. 

 

Funksional CV formatı. Funksional CV formatı bacarıqlara əsaslanan rezümedir. Qeyd edək ki, bu rezüme əlavə bölmələrə malikdir və xronoloji format kimi əsas iş təcrübəsini vurğulamır. Bu format sizin bacarıq və istedadlarınızı vurğulayır. Funksional CV formatıyla ilk işiniz üçün müraciət etsəniz, ən güvəndiyiniz bacarıqlarınızı əlavə etməyə diqqət yetirin. Bu format ilk dəfə iş axtaranlar, iş təcrübəsi olmayan rezüme yazmaq istəyən namizədlər, karyera dəyişən insanlar üçün idealdır.

 

Kombinasiya tipli CV formatı. Hibrid rezüme kimi də tanınan kombinasiyalı format funksional və xronoloji məlumatları özündə birləşdirir. Əvvəlki iş təcrübənizi yaza biləcəyiniz iş tarixi bölməsi və onun yanında ən yüksək bacarıqlarınızı sadalaya biləcəyiniz bacarıqlar siyahısı bu formatda əks olunur. Öz sferasında müəyyən təcrübəyə malik olan orta səviyyəli namizədlər üçün idealdır. 

 

Yaxşı hazırlanmış CV-nin bölmələri. Bu cür CV-lərdə aşağıdakı bölmələr olmalıdır: 

 

Başlıq. Buraya sizin əlaqə məlumatlarınızı, o cümlədən tam adınızı, telefon nömrənizi, e-poçt ünvanınızı, yaşadığınız şəhəri əlavə edirsiniz. Karyera keçmişinizdən asılı olaraq CV-nin başlıq hissəsini yazarkən qeyd edə biləcəyiniz əlavə məlumatlar aşağıdakılardır.

● Peşəkar titul. Bu sizin vəzifəniz və ya gördüyünüz işlər ola bilər. Məsələn: Sosial Media Meneceri, Proqram Təminatı Mühəndisi və s.

● Peşəkar veb-sayt, portfolio və ya bloq: İşinizi nümayiş etdirən və ya potensial yeni işə aid olan məlumatları əks etdirən link. 

● LinkedIn: Bu profilinizdəki məlumatların həmçinin yenilənmiş olduğuna diqqət edin.

● Haqqınızda qısa icmal. Bu karyera icmalının məqsədi 3-5 cümlədə işə dair tələblərinizi izah etmək və meneceri bütün CV-ni oxumağa bir növ razı salmaqdır.

● İş təcrübəsi. Seçdiyiniz CV formatı bu bölmənin tərtibatını müəyyən edir, lakin siz həmişə iş təcrübəsini əks xronoloji ardıcıllıqla qeyd etməlisiniz. Yəni, indiki iş yerinizdən əvvəlki iş yerinizədək.

● Bacarıqlar. İş təcrübəsi bölməsi kimi bacarıqlarınızı yerləşdirdiyiniz bölmə də sizin formatınızdan asılı olacaq. Daha aydın olması üçün öz bacarıqlarınızı siyahı şəklində qeyd edin.

● Təhsil. İlk işiniz üçün müraciət etmirsinizsə, təhsil bölmənizi sənədin ən sonunda yerləşdirin. 

● Sertifikatlar. Əgər sizin uyğun vakansiyaya seçilməyinizə kömək edə biləcək sertifikatlarınız varsa, o zaman onları təhsil bölmənizdən birbaşa aşağıda yerləşən ayrı bölmədə qeyd edin. 

Hər kəs CV hazırlaya bilər, amma bunu düzgün hazırlamaq üçün bəzi diqqət edilməli məqamlar var.

Resurslar

Kəşf et